Azərbaycan və Gürcüstan Çində regionun tranzit imkanlarının birgə təqdimatını keçirəcək. Bu barədə iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev rəsmi “Azərbaycan” qəzetinə müsahibəsində bildirib.
“Azərbaycan keçən yol Çin və Avropa arasında ən qısa yoldur. Bu səbəbdən Çin malları Azərbaycan və Türkiyə ərazisi ilə Avropaya tədarük olunacaq. Belə ki, 4,2 min km uzunluğunda olan Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin mümkün tranzit müddəti 14 gündən azdır”, - deyə o qeyd edib.
Nazir deyib ki, bu yaxınlarda prezident İlham Əliyevin Çinə səfəri zamanı (8-11 dekabr - İF-Az) bu məsələ geniş müzakirə olunub, iki ölkə hökumətləri arasında “İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Bundan başqa, regionun tranzit imkanları barədə Azərbaycan və Gürcüstanın Çində birgə təqdimatı keçiriləcək.
Ş.Mustafayev vurğulayıb ki, son illərdə dəhliz vasitəsilə yükdaşımaların həcmində azalma müşahidə olunur. Bu, dəhlizin üzv ölkələri arasında yükdaşımalar üzrə koordinasiyanın zəifliyi, tranzit yük daşınması prosedurlarının təkmil və yükdaşıma tariflərinin rəqabətqabiliyyətli olmaması ilə bağlıdır.
“Belə ki, dəhlizin Azərbaycan hissəsində 2010-2014-cü illər ərzində dəmir yolu vasitəsilə tranzit yük daşımalarının illik həcmi 45% azalaraq 8,3 mln. tondan 4,5 mln. tona enib”, - deyə o qeyd edib.
A.Axundov