Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevin başçılıq etdiyi nümayəndə heyəti bu gün Səudiyyə Ərəbistanına yola düşüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verilib.
Nümayəndə heyəti 15-17 dekabr tarixlərində Səudiyyə Ərəbistanında səfərdə olacaq. Ər-Riyad şəhərində iqtisadiyyat, ticarət, investisiyalar, mədəniyyət, idman və gənclər sahələrində əməkdaşlıq üzrə ikitərəfli Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.
Bundan başqa, səfər çərçivəsində iki ökənin sahibkarlarının iştirakı ilə biznes forum keçiriləcək.
Hökumətlərarası Komissiyanın əvvəlki, sayca 3-cü iclası 2013-cü il dekabrın 11-də Bakıda keçirilib. Komissiyanın Azərbaycan tərəfindən həmsədri Şahin Mustafayevdir.
A.Əzizov