Noyabr ayı ərzində dövlət sərhədini pozduqları üçün 35 halda 40 nəfər saxlanılıb. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat verir.
Onların 23 nəfəri Azərbaycan Respublikası, 3 nəfəri Qana, hər ölkədən 2 nəfər olmaqla İran İslam Respublikası, Nigeriya, Tacikistan, Banqladeş, Pakistan, Liberiya, hər ölkədən bir nəfər olmaqla Qazaxıstan və İraq vətəndaşları olub.
Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 6 halda 17 nəfər, Xəzər dənizində 29 halda 50 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülüb.
Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 388 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.
Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 9 halda 2 kiloqram 445 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.
Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə nəticəsində 52 halda ümumi dəyəri təqribən 383 min manat olan qaçaqmal, o cümlədən 3 ədəd tapança, 2 ədəd tüfəng, 78 ədəd patron, 1 ədəd pnevmatik tapança, 6920 ədəd pirotexniki vasitə, 10507 qutu siqaret, 61400 ABŞ valyutası, 18540 Azərbaycan manatı, müxtəlif növ dərman preparatları, ərzaq və sənaye malları saxlanılıb.
R. Babayev