Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2015-ci ilin yanvar-noyabr aylarında səhmdar cəmiyyətlərinə 201,75 min manat məbləğində cərimə sanksiyası tətbiq edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 53% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə QKDK-dan məlumat verilib.
Cari ilin yanvar-noyabr aylarında QKDK-ya 277 səhmdar cəmiyyətində səhmdarların hüquqlarının pozulması barədə 310 şikayət daxil olub. Onların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 6%, barələrində şikayət daxil olmuş səhmdar cəmiyyətlərinin sayı 35% azalıb.
Şikayətlər araşdırıldıqdan sonra QKDK 167 halda səhmdar cəmiyyətlərinə ümumilikdə 201,75 min manat məbləğində cərimə tətbiq edilməsinə dair qərar qəbul edib. 2014-cü ilin yanvar-noyabr aylarında isə 432,5 min manat məbləğində 353 cərimə tətbiq olunub.
Bundan başqa, 11 ay ərzində QKDK səhmdar cəmiyyətlərinə aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə icrası məcburi olan 70 göstəriş (azalma 19%) verib.
Hesabat dövründə 499 səhmdar cəmiyyəti (artım 0,4%) QKDK-ya illik hesabat təqdim edib.
A.Əzizov