Vergilər Nazirliyi satışı yalnız nağdsız üsulla həyata keçirilən malların siyahısını gələcəkdə genişləndirə bilər. Bu barədə vergilər nazirinin birinci müavini Natiq Əmirov bu gün mətbuat konfransında məlumat verib.
“2016-cı ildən alkoqollu içkilərin nağdsız üsulla satışına başlanılacaq, gələn il bir növ test ili olacaq. Əgər bu təcrübə uğurlu alınsa, biz gələcəkdə satışı yalnız nağdsız üsulla mümkün olan malların siyahısınıı genişləndirəcəyik”, - deyə o əlavə edib.
N.Əmirovun sözlərinə görə, alkoqollu içkilərin nağd pulla satışına görə cərimələr ictimai iaşə sahəsinə şamil edilməyəcək.
“Əgər ictimai iaşə obyektində müştəri alkoqollu içki alırsa, bu, obyektin xidməti kimi təsnif edilir və buna görə cərimə tətbiq olunmur”,- deyə o qeyd edib.
N.Əmirovun sözlərinə görə, bu dəyişikliklərin məqsədi alkoqollu içkilərin pərakəndə satışı sahəsində şəffaflığın artırılması və nağdsız ödəniş mədəniyyətinin yüksəldilməsidir.
O qeyd edib ki, kütləvi istifadəsi və sosial aspekt nəzərə alınaraq bu məhdudiyyətlərin tütün məmulatlarına şamil edilməsi gözlənilmir.
A.Axundov