Azərbaycan Silahlı Qüvvələri düşmənə sarsıdıcı zərbələr vurur və nəticədə qarşı tərəf çoxlu sayda itkilər verir. Bu barədə
müdafiə naziri, general-polkovnik Zakir Həsənov yeni tikilən növbəti hərbi hissənin açılışında bəyan edib.
“Silahlı Qüvvələrimiz cəbhədə düşmənə sarsıdıcı zərbələr vurur və nəticədə qarşı tərəf çoxlu sayda itkilər verir. İndiki mərhələdə düşmənin bütün ordusu ilə bizim ordumuzun yalnız kiçik bir qismi mübarizə aparır”, - deyə Müdafiə Nazirliyinin məlumatında Z.Həsənova istinadən bildirilir.
Nazir vurğulayıb ki, “nə qədər ki, torpaqlarımız işğaldan azad olunmayıb, biz hər qarış torpağımıza görə sonadək vuruşacağıq”.
“Bundan sonra düşmənə qarşı daha ciddi tədbirlər görəcək, ona daha sarsıdıcı zərbələr endirəcəyik. Onda düşmən Azərbaycan əsgərinin, Silahlı Qüvvələrimizin gücünü daha çox hiss edəcək. Məqsədimiz düşmənə sarsıdıcı zərbələr endirərək onu işğal olunmuş torpaqlarımızdan qovmaqdır. Biz bu işi bundan sonra daha da sərt şəkildə həyata keçirəcəyik. İşğalçılar torpaqlarımızı nə qədər tez tərk etməli olduqlarını anlasalar, itkiləri bir o qədər az olar. Düşmənlərimiz də bunu bilməli və anlamalıdırlar”, - deyə o qeyd edib.