Azərbaycan, Belarus, Rusiya, Qazaxıstan, Gürcüstan və Ukrayna BMT İnkişaf Proqramı (BMT İP) tərəfindən insan inkişafının yüksək səviyyədə olduğu ölkələr siyahısına daxil edilib. Bu barədə təşkilatın 2015-ci ildə insan potensialının inkişafı haqqında “İnsan inkişafı naminə əmək” adlı məruzəsində deyilir.
Moldova, Türkmənistan, Özbəkistan və Qırğızıstan insan inkişafının orta səviyyədə olduğu ölkələr siyahısına daxil edilib, Estoniya, Litva və Latviya isə insan inkişafının ən yüksək səviyyədə olduğu ölkələr kateqoriyasına aid edilib.
BMT İP tərəfindən hazırlanmış məruzədə müxtəlif ölkələrin sakinlərinin həyat səviyyəsi və sosial müdafiə dərəcəsi, əhalinin sağlamlığı, təhsil və mədəni inkişaf səviyyəsi göstəriciləri, cinayətkarlığın vəziyyəti, ətraf mühitin qorunması, qərarlar qəbul edilməsində insanların iştirakı barədə məlumatlar əks olunub.
Dünyada insan inkişafının ən yüksək səviyyədə olduğu dövlətlərin ilk beşliyinə Norveç, Avstraliya, İsveçrə, Danimarka və Niderland daxildir.
Məruzə müəllifləri dünya ölkələrinin hökumətlərinə müraciət edərək həm standart iş yerləri yaradılmasına, həm də ehtiyacı olan insanlara qulluq edilməsi üzrə məvacib ödənilməyən əmək və ya yaradıcı əmək kimi fəaliyyət növlərinə diqqəti artırmağa çağırırlar.
F.İsazadə