Dövlət Təhlükəsizliyi Xidmətinin strukturunda regional idarələr yaradılacaq. Bunu ANS telekanalına müsahibəsində xidmətin rəsmi nümayəndəsi Arif Babayev söyləyib.
“Xidmətin fəaliyyətinin bütün istiqamətlər üzrə optimallaşdırılması gözlənilir. Bununla əlaqədar olaraq struktur dəyişiklikləri çərçivəsində intensiv iş aparılır. Regional idarələrin yaradılması planlaşdırlır. Xidmətin strukturu daha çevik və operativ olacaq”,- deyə A.Babayev bildirib.
Onun sözlərinə görə, paralel olaraq xidmətin kadr potensialı məsələsi həll edilir. Xidmətin işinə xarici dil bilən gənc əməkdaşlar cəlb ediləcək. Bundan əlavə, dövlət təhlükəsizliyi sisteminin işinə son illər müəyyən səbəblərə görə işdən azad edilmiş peşəkar kadrlar cəlb ediləcək. Xidmətin ştat vahidi azaldılacaq”, - deyə o bildirib.
A.Babayev qeyd edib ki, Dövlət Təhlükəsizliyi Xidməti öz işini Xarici Kəşfiyyat Xidməti ilə əlaqəli şəkildə quracaq. “Azərbaycanın maraqlarının təmin edilməsi məqsədi ilə iki xidmət arasında əlaqə yaradılacaq”,- deyə o əlavə edib.
Xəbər verildiyi kimi, prezident İlham Əliyev Milli Təhlükəsizlik Nazirliyinin əsasında Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidmətinin yaradılması haqqında fərman imzalayıb.
A.Əzizov