2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda mənzil tikintisinə kapital qoyuluşlarının həcmi 914 mln. manat təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 13% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“2015-ci ilin 11 ayı ərzində mənzil tikintisinə investisiyaların həcmi 914 mln. manat və ya hesabat dövrü ərzində iqtisadiyyata bütün kapital qoyuluşlarının 6,3%-ni təşkil edib”, - deyə məlumatda qeyd olunur.
Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 634,1 min kvadratmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 9,5% azdır.
Bununla belə, noyabr ayında respublikada 143,1 min kvadratmetr mənzil istismara verilib.
Xəbər verildiyi kimi, 2014-cü ildə Azərbaycanda istismara verilən mənzillərin ümumi sahəsi 1 mln. 978,3 min kvadratmetr təşkil edib, bu isə 2013-cü ilin göstəricisindən 7,5% azdır.
A.Əzizov