Hər bir Azərbaycan vətəndaşı özünə rahat olan dildə təhsil almaq hüququna malikdir. Bunu Milli Məclisin deputatı, publisist Elmira Axundova bu gün Bakıda “Mədəniyyət vasitəsilə təhsil və təhsil vasitəsilə mədəniyyət” mövzusunda “dəyirmi masa”da çıxışı zamanı söyləyib.
“Ölkəmizdə hər bir insan özünə rahat və asan olan dildə təhsil almaq hüququna malikdir. Azərbaycanda rus dili qanuni şəkildə bərpa edilib”,- deyə E.Axundova qeyd edib.
Onun sözlərinə görə, məktəblərdə rus dilinin ləğv edildiyi illər olub, lakin bu gün rus dilinin icbari dil kimi öyrənilməsi bərpa edilib.
“ Ölkə rəhbərliyinin 30-40%-i Rusiyada təhsil alıb. Rusiyanın mədəniyyət xadimlərinin Bakıdakı tədbirləri anşlaqla keçir. Əgər 90-cı illərin ortalarında rus ədəbiyyatı ilə əlaqələr qırılmışdısa, bu gün bu əlaqələr bərpa edilir”,- deyə o vurğulayıb.Deputat qeyd edib ki, respublikada dövlət büdcəsinin vəsaiti hesabına rus dilində ədəbi jurnal buraxılır. “Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə dünya və Azərbaycan ədəbiyyatı nümunələri silsiləsi dərc edilib. Bu kitablarda dərc edilmiş əsərlərin üçdə birini rus klassik ədəbiyyatı nümunələri təşkil edir. Bu, vacib göstəricidir”,- deyə E.Axundova qeyd edib.
“Dəyirmi masa” Bakıda keçirilən Moskva günləri çərçivəsində təşkil edilib.
A. Zeydullayeva