BP şirkəti Azərbaycanda kənd təsərrüfatı sektorunun inkişafına yönələn layihələrin reallaşdırılmasına dəstək verəcək. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Məlumatda qeyd olunur ki, kənd təsərrüfatı naziri Heydər Əsədov BP-nin Azərbaycan, Türkiyə, Gürcüstan regionu üzrə prezidenti Qordon Birellə görüşüb.
Görüşdə Bakı-Tbilisi-Ceyhan neft kəməri və “Cənub Qaz Dəhlizi”nin keçdiyi ərazilərdə kənd təsərrüfatı sahəsində layihələrin reallaşdırılması məsələsi müzakirə olunub.
Görüşdə H.Əsədov bildirib ki, BP şirkəti 2002-ci ildən etibarən Azərbaycanda aqrar sektorun inkişafına yönələn layihələri dəstəkləyir. Nazir reallaşdırılan layihələrin əlaqələndirilməsinin zəruriliyini qeyd edib, Azərbaycan tərəfinin kənd təsərrüfatı, iri laboratoriyaların tikintisi, aqrar sahədə təhsil potensialının yaxşılaşdırılması ilə bağlı layihələrin həyata keçirilməsində maraqlı olduğunu bildirib.
Q.Birel BP-nin Azərbaycanda neft və qaz sahələri ilə yanaşı, qeyri-neft sektorunda kiçik və orta sahibkarlıq sahələrinə də investisiya yatırdığını, gələcəkdə də yeni layihələrin həyata keçirilməsinin mümkünlüyünü qeyd edib.
Görüşdə bununla əlaqədar kənd təsərrüfatı məhsuldarlığı və dayanıqlı təbii ehtiyatların idarə edilməsi, həmçinin yerli və beynəlxalq təşkilatların kənd ərazilərindəki icmalarının inkişafına yönələn layihələrin BP şirkəti tərəfindən dəstəklənməsi imkanı müzakirə olunub.
Sonra H.Əsədov və Q.Birel arasında ikitərəfli əməkdaşlığa dair protokol imzalanıb.
A.Əzizov