Çərşənbə günü “Günəşli” yatağında aparılan ekoloji monitorinqlər zamanı bu sahələrdə neft dağılmaları aşkar edilməyib. Bu barədə SOCAR-ın (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) rəsmi saytında məlumat verilir.
Daha öncə “RİA Novosti” agentliyi “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzadan sonra neft dağılmalarının müşahidə olunması və neftlə çirklənmiş sahəninin getdikcə böyüməsi barədə xəbər yaymışdı. Agentlik Avropanın “Sentinel-1А” radiolokasiya peyki vasitəsi ilə çəkilmiş şəkilləri dərc edib. Şəkillərdə guya “Günəşli” yatağı ətrafında neft dağılmaları və onların platformanın şimalına doğru irəliləməsi təsvir olunub.
Məlumatda qeyd edilir ki, Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində mümkün neft dağılmalarının və yarana biləcək ekoloji fəsadların qarşısını almaq məqsədi ilə yaradılmış işçi qrup tərəfindən mütəmadi aparılan monitorinqlər dekabrın 16-da da davam etdirilib.
“Fövqəladə Hallar, Ekologiya və Təbii Sərvətlər nazirlikləri, SOCAR və BP şirkətlərinin mütəxəssilərindən ibarət birgə işçi qrupu qəza baş vermiş ərazidə xüsusi təchiz edilmiş gəmilər və helikopterlər vasitəsilə müşahidələr aparıblar. “Günəşli” yatağı və “Neft Daşları” ərazilərində, eləcə də onların ətrafında neft sızıntılarına dəlalət edən ciddi ləkələr müşahidə olunmayıb. Eyni zamanda dünya təcrübəsinə uyğun olaraq dənizdə neft sızıntılarının aşkarlanması və neftlə çirklənmələrin müəyyənləşdirilməsi məqsədilə hadisə yerində həm optik, həm də radar peyk çəkilişləri aparılıb”,- deyə məlumatda qeyd edilir.
Bəzi kütləvi informasiya vasitələrində qəzadan sonra guya əraziyə neft dağılması ilə bağlı yayılmış məlumatlara rəğmən, “Azərkosmos” ASC, Kanadanın MDA şirkətinə məxsus “Radarsat-2” peykinin Xəzər dənizində apardığı radar tipli peyk çəkilişlərinin təsvirləri işçi qrupun monitorinqinin nəticələrini təsdiq edir.
Xəbər verildiyi kimi, dekabrın 4-də saat 17.40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib.
Xilasetmə işləri çərçivəsində 33 nəfər xilas edilib, 7 nəfərin cəsədləri tapılaraq şəxsiyyətləri müəyyən edilib.
23 nəfərin axtarışları davam etdirilir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. Komissiya qarşısında xilasetmə işlərinin və itkin düşənlərin axtarışının sürətləndirilməsi, hadisənin baş vermə səbəblərinin araşdırılması və baş vermiş faciənin nəticələrinin aradan qaldırılması vəzifəsi qoyulub. Baş nazir Artur Rasizadə komissiyanın sədri təyin edilib. Komissiyanın tərkibinə 11 nazirlik və dövlət strukturunun rəhbərləri daxil edilib.
Platformadakı qəza faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) ilə cinayət işi qaldırılıb.
N.Abbasova