ABŞ ATƏT-in Minsk Qrupundakı həmsdədri Ceyms Uorlikin qanuna zidd hərəkətlərinə qiymət verməlidir. Milli Məclisin vitse-spikeri Bahar Muradova belə hesab edir.
“Hesab edirik ki, ABŞ özü bu cür hərəkətlərə qiymət verməlidir”, - deyə B.Muradova “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
“Dağlıq Qarabağın hətta təcavüzkar ölkə olan Ermənistan tərəfindən tanınmadığını və gələcəkdə də çətin ki, tanınacağını nəzərə alaraq bu separatçı qurumun “nümayəndələrinə” Amerika vizasının verilməsi və parlamentdə keçirilən görüş Azərbaycan və beynəlxalq qanunlara ziddir”, - deyə vitse-spiker əlavə edib.
Onun sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrinin qondarma Dağlıq Qarabağın xarici işlər naziri ilə görüşü və bunu danışıqlar prosesinə töhfə verəcək addım kimi qiymətləndirməsi onun vasitəçilik missiyasına uyğun deyil.
B.Muradova qeyd edib ki, Azərbaycan hər zaman nəinki qondarma Dağlıq Qarabağın, həm də digər tanınmamış qurumların nümayəndələrinin müxtəlif ölkələrə səfərləri və rəsmi şəxslərlə görüşlərinin keçirilməsi üçün şəraitin yaradılmasını pisləyib.
“Bu, beynəlxalq hüquqa və dövlətlərarası sazişlərə ziddir. İstər ABŞ, istərsə də ATƏT-in Minsk Qrupuna üzv olan digər ölkənin nümayəndələri olsun, fərqi yoxdur. Hesab edirəm ki, onlar Azərbaycanın ədalətli etirazından nəticə çıxartmalıdırlar. Biz birmənalı şəkildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini şübhə altına qoyan, xalqların öz müqəddəratını təyin etmək prinsipinə əsaslanan hərəkətləri pisləyirik”, - deyə vitse-spiker vurğulayıb.
F.İsazadə