Təhsil Nazirliyi “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində tələbələrin seçimini başa çatdırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Dövlət Proqramının müvəffəqiyyətlə başa çatmış sonuncu qəbul ilində 373 nəfər tələbənin adı təqaüdçülər siyahısına daxil edilib. Belə ki, builki müsabiqədə də üstünlük bakalavriatdan sonrakı təhsil səviyyələrinə verilib və 176 nəfər magistratura, 25 nəfər doktorantura, 70 nəfər rezidentura, 102 nəfəri isə baza ali tibb və bakalavriat təhsil səviyyələrində təhsil almaq hüququ qazanıb.
Dövlət Proqramının icrasının 9 ili ərzində müvafiq hüquqi baza formalaşdırılıb və icra müddətində meydana çıxan məsələlər əsasında daha da təkmilləşdirilib, namizədlərə elektron şəkildə sənədləri təqdim etmə imkanı yaradılıb, onlarla fərdi qaydada keçirilən müsahibə təşkil olunub və tələbələrin təhsil şəraitinin yaxşılaşdırılması üçün islahatlar aparılıb.
İndiyədək Dövlət Proqramı çərçivəsində 3,558 min nəfər xaricdə təhsil alıb, 1147 nəfər məzun qeydiyyatından keçib. Təhsillərini yüksək akademik göstəricilərlə tamamlamış məzunların 60%-i özəl, 40% isə dövlət sektorunda fəaliyyət göstərir.
Dövlət Proqramı çərçivəsində azərbaycanlı tələbələr Böyük Britaniya, Türkiyə, Kanada, Niderland və Almaniyada təhsil almağa üstünlük veriblər.
Qeyd edək ki, Dövlət Proqramı çərçivəsində sonuncu təhsil alanın (tibb təhsilinin rezidentura səviyyəsi üzrə) 2021-ci ildə məzun olması gözlənilir.
A. Zeydullayeva