Beynəlxalq Vayuta Fondu (BVF) Azərbaycanda büdcə konsolidasiyasını əsaslı hesab edir. Bunu fondun Azərbaycan üzrə missiyasının yeni rəhbəri Məhəmməd əl Qorçi “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində söyləyib.
“Azərbaycanın rəsmi orqanları 2015-ci ildə əsaslı şəkildə büdcə konsolidasiyasına başlayıblar, onlar xərcləri planlara nisbətən 16% azaldaraq (əsasən prioritet olmayan infrastruktur layihələrinə) idxal rüsumlarını artırıblar”,- deyə o bildirib.
Missiya rəhbəri deyib ki, gələn ilin dövlət büdcəsi bu yaxınlarda təsdiq edilib, buna görə də BVF onun qiymətləndirilməsini tam başa çatdırmayıb.
“Bildiyimizə görə, bu büdcə neftin aşağı qiymətləri və iqtisadiyyatın zəif artım tempi şərtlərinə əsaslanır. Yeni büdcə neftin bir barelinin qiyməti $50, iqtisadi artım tempi 1,8% olmaqla hesablanıb və gəlirlərin, ilk növbədə Dövlət Neft Fondundan büdcəyə transfertlərin kəskin azalması ehtimalını nəzərdə tutur. Büdcə prioritet olmayan kapital xərclərin əhəmiyyətli dərəcədə azaldılmasını, bununla yanaşı, neft və qaz ixracı ilə bağlı infrastrukturun dəstəklənməsinə vəsait ayrılmasını da nəzərdə tutur. Kəsir bir qədər artıb (2015-ci ildə ÜDM-in 2,6%-dən 2016-cı ildə ÜDM-in 2,9%-nə qədər), qeyri-neft kəsiri (neft-qaz sahəsi üzrə gəlir və xərclər istisna olmaqla) isə hətta azalıb”, - deyə o qeyd edib.
Məhəmməd əl -Qorçhi Azərbaycan üzrə missiyanın yeni rəhbəri olaraq dekabrın 21-də tanışlıq məqsədi ilə ölkəmizə səfər edəcək.
Müsahibənin tam mətni ilə aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz: http://interfax.az/view/659872
A.Axundov