2015-ci ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti 2014-cü ilin analoji dövrünün yekunları üzrə $9 mlrd. 65,4 mln.-a qarşı $240,5 mln. təşkil edib, yəni 37,7 dəfə azalıb.
Azərbaycan Mərkəzi Bankının saytında dərc edilmiş 2015-ci ilin 9 ayı üzrə tədiyə balansına əsasən, hesabat dövrü ərzində neft-qaz sektoru üzrə profisit $5 mlrd. 442,3 mln. təşkil edib, qeyri-neft sektoru üzrə kəsir isə $5 mlrd. 201,7 mln.-a bərabər olub.
AMB-nin məlumatına görə, 2015-ci ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi $19 mlrd. 344 mln. təşkil edib və Azərbaycanın xarici ticarətdə profisiti $5 mlrd. 302 mln. səviyyəsində olub. Bununla belə, xarici ticarət dövriyyəsinin həcminin 9,8%-i MDB, 90,2%-i uzaq xarici ölkələrin payına düşüb.
Həcmi $12 mlrd. 323 mln. (azalma 46,3%) təşkil edən ixracın strukturunda $11 mlrd. 206,8 mln. (azalma 48,5%) neft-qaz məhsullarının payına düşüb ki, bu da Azərbaycanın əmtəə ixracının ümumi həcminin 91%-ni təşkil edir.
Həcmi $7 mlrd. 20,8 mln. (artım 4,4%) təşkil edən idxalın strukturunda $2 mlrd. 830,7 mln. istehlak mallarının, $838,5 mln. ərzaq mallarının payına düşüb. Yanvar-sentyabr ayları ərzində investisiya mallarının idxalı $1 mlrd. 365,6 mln, digər malların idxalı $2 mlrd. 824,5 mln. təşkil edib.
2014-cü il ərzində Azərbaycanda tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $10 mlrd. 423,6 mln. təşkil edib.
A.Əzizov