Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində bölmənin 2015-ci il ərzindəki elmi və elmi-təşkilati fəaliyyəti ilə bağlı hesabat yığıncağı keçirilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Yığıncaqda AMEA Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev bölmənin elmi-tədqiqat institutlarının və bölmə tərkibindəki digər qurumların fəaliyyəti ilə bağlı geniş məruzə edib.
“Hesabat ilində elmi-tədqiqat müəssisələrində 6 elmi istiqamətdə 77 mərhələ üzrə tədqiqatlar tamamlanıb. AMEA Naxçıvan Bölməsinin əməkdaşlarının 13 monoqrafiya, 5 kitab, 2 metodik vəsait, 523 elmi məqalə və konfrans materialı, 28 tezisi olmaqla, 571 elmi əsəri nəşr edilib, 158 əsər xaricdə çapdan çıxıb”, - deyə İ.Hacıyev məlumat verib.
Onun sözlərinə görə, hazırda AMEA Naxçıvan Bölməsində 2 akademik, 6 müxbir üzv, 4 erlmlər doktoru, 48 fəlsəfə doktoru, 7 doktorant, 2 dissertant və 8 elmi işçi işləyir.
2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Azərbaycan elminin inkişafında xidmətlərinə görə bölmənin 1 əməkdaşı “Əməkdar elm xadimi” adına, 1 nəfər Azərbaycan Milli Elmlər Akademiyasının “Həsən bəy Zərdabi” mükafatına layiq görülüb, 3 nəfər “Tərəqqi” medalı ilə təltif edilib.
İldən-ilə bölmənin maddi-texniki bazasının dövlət qayğısı ilə gücləndirildiyini deyən akademik İ.Hacıyev bölmədə 2015-ci ildə 1 beynəlxalq elmi simpozium, 19 konfrans və tədbir, 11 iclas, 3 təqdimat mərasimi, 38 elmi seminar keçirildiyini diqqətə çatdırıb.
Sonra AMEA Naxçıvan Bölməsinin Rəyasət Heyəti üzvlərinin çıxışları olub.
Yığıncaqda 2015-ci ildə əldə etdikləri uğurlu nəticələrə görə bölmənin iki nəfər əməkdaşına “İlin alimi” fəxri diplomu verilib.
Q.Hüseynova