2015-ci ilin yanvar-noyabr aylarında Azərbaycanda 5 mlrd. 384 mln. manatlıq kənd təsərrüfatı məhsulu istehsal edilib ki, bu da 2014-cü ilin analoji dövrünün göstəricisindən 6,7% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövrü ərzində heyvandarlıq məhsullarının istehsal həcmi 2,5% artıb.
Bundan başqa, 428,7 min ton ət (artım 1,8%), 1 mlrd. 777 min ton süd (artım 4,2%), 1 mlrd. 402,6 mln. ədəd yumurta (azalma 1,6%) və 16,8 min ton yun (artım 1,4%) istehsal edilib.
Yanvar-noyabr aylarında bitkiçilik məhsullarının istehsalı 10,8% artıb.
2015-ci ilin yanvar-noyabr aylarında respublikada 1 mln. 831,5 min ton tərəvəz (ötən ilin analoji dövrü ilə müqayisədə artım 6,4%), 831,5 min ton kartof (artım 1,5%), 484,5 min ton bostan məhsulu (artım 9,9%), 880,6 min ton meyvə və giləmeyvə (artım 4,3%), 152,8 min ton üzüm (artım 3,6%) yığılıb.
Dekabrın 1-nə olan vəziyyətə görə, 2 mln. 996,8 min ton dənli bitki (qarğıdalı da daxil olmaqla) toplanıb ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 25,9% çoxdur.
A.Axundov