Kütləvi informasiya vasitələri nümayəndələrinin sərbəst fəaliyyəti və jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi üçün şəraitin mövcudluğu Azərbaycanda demokratiyanın əsas göstəriciləridir. Belə bəyanatla Prezident Administrasiyasının nümayəndəsi Vüqar Səlimov çıxış edib.
“Azərbaycan rəhbərliyi söz və ifadə azadlığının təmin olunması və müstəqil KİV-in sərbəst fəaliyyəti üçün zəruri şəraitin yaradılmasına yönələn siyasət yürüdür. Azərbaycanda nə dövlət orqanları, nə hakimiyyət tərəfindən jurnalistlərə heç bir təzyiq olunmur”, - deyə V.Səlimov “İfadə azadlığı: Jurnalistlərin təhlükəsizliyi, gender bərabərliyi və media” mövzusunda dəyirmi masada çıxışı zamanı bildirib.
V.Səlimovun sözlərinə görə, maneəsiz məlumatın əldə olunması və yayılması üçün şəraitin mövcudluğu, KİV nümayəndələrinin təhlükəsizliyinin təmin edilməsi demokratiyanın ayrılmaz atributlarıdır.
“Azərbaycanda söz və ifadə azadlığının təminatı üzrə fəal dövlət siyasəti yürüdülür. Siyasi mövqelərindən asılı olmayaraq jurnalistlər fikirlərini sərbəst şəkildə ifadə etmək imkanına malikdirlər, bunu dövri mətbuat, onlayn nəşrlər, sosial şəbəkələrdə də görmək mümkündür”, - deyə Prezident Administrasiyasının nümayəndəsi qeyd edib.
V.Səlimov vurğulayıb ki, jurnalistlərin təhlükəsizliyinin təmin edilməsi və müstəqil KİV-in sərbəst fəaliyyəti dövlətin maraqlarındadır.
“Azərbaycan prezidenti İlham Əliyevin dəfələrlə bəyan etdiyi kimi, söz və ifadə azadlığının təminatı ölkəmizin demokratik inkişafı yolunda mühüm prioritetlərdir”, - deyə o bildirib.
Tədbir Avropa İttifaqı və Avropa Şurasının təşkilatçılığı ilə “Şərq tərəfdaşlığı” proqramının “Azərbaycanda ifadə azadlığı və media azadlığı” layihəsi çərçivəsində keçirilir.
R.Babayev