Söz və ifadə azadlığının, o cümlədən də jurnalistlərin təhlükəsizliyinin təminatı müasir dövrün ən aktual məsələsidir. Bu barədə Mətbuat Şurasının sədri Əflatun Amaşov bəyan edib.
“Hər bir vətəndaş, həmçinin jurnalistin informasiya əldə etmək və yaymaq hüququ var. KİV-də senzuranın tətbiqinə Azərbaycan qanunverciliyində yol verilmir”, - deyə Ə.Amaşov “İfadə azadlığı: Jurnalistlərin təhlükəsizliyi, gender bərabərliyi və media” mövzusunda dəyirmi masada çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, Mətbuat Şurası Avropa İttifaqı və Avropa Şurasının strukturları ilə əməkdaşlığı hər zaman diqqət mərkəzində saxlayır.
“Bugünkü tədbir jurnalistlərin peşəkarlığının təkmilləşdirilməsi və eyni zamanda, Azərbaycanın beynəlxalq təşkilatlarla əlaqələrinin möhkəmlənməsinə xidmət edir”, - deyə sədr qeyd edib.
Ə.Amaşov vurğulayıb ki, jurnalistikanın gələcəyi elektron KİV-lə bağlıdır.
“Əgər 20 il öncə ictimai rəyin formalaşmasında əsas rolu televiziya oynayırdısa, bu gün elektron KİV, İnternet, sosial şəbəkələr informasiyanın yayılması missiyasını öz üzərinə götürüblər. Bu səbəbdən onlayn jurnalistikanın təhlükəsizliyinin təminatı xüsusi aktuallıq kəsb edir”, - deyə Ə.Amaşov söyləyib.
Tədbirdə Ombudsman Aparatının rəhbəri Aydın Səfixanlı, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Elgün Səfərov, Avropa Şurasının ekspertləri Bisera Zankova, Leyla Marşania və başqaları da çıxış ediblər.
R.Babayev