“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yanan neft quyuları söndürülüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın mətbuat katibi Nizaməddin Quliyev məlumat verib.
“Bu, mümkün neft dağılmaları səbəbindən yarana biləcək ekoloji fəlakətin qarşısını tamamilə almağa imkan verdi”, - deyə N.Quliyev qeyd edib.
Onun sözlərinə görə, platformada yanan qaz quyuları da söndürülmək üzrədir. “Biz ən qısa müddətdə onları söndürməyə çalışırıq. Yanğın söndürüldükdən sonra platforma yenidən qurulacaq və quyular təkrar istismara veriləcək”, - deyə mətbuat katibi bildirib.
Xəbər verildiyi kimi, dekabrın 4-də saat 17.40 radələrində güclü tufan nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. 7 neftçinin cəsədləri tapılıb və şəxsiyyətləri müəyyən edilib. 23 nəfərin axtarışları davam edir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında Sərəncam imzalayıb. Komissiya qarşısında xilasetmə işlərinin və itkin düşənlərin axtarışının sürətləndirilməsi, hadisənin baş vermə səbəblərinin araşdırılması və baş vermiş faciənin nəticələrinin aradan qaldırılması vəzifəsi qoyulub. Baş nazir Artur Rasizadə komissiyanın sədri təyin edilib. Komissiyanın tərkibinə 11 nazirlik və dövlət strukturunun rəhbərləri daxil edilib.
Bundan əlavə, platformadakı qəza faktı ilə əlaqədar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 225.2-ci maddəsi (Yanğın təhlükəsizliyi qaydalarını pozma ağır nəticələrə səbəb olduqda) ilə cinayət işi qaldırılıb.
A.Əzizov