Naxçıvan şəhərindəki “Naxçıvan müstəqillik illərində” yaradıcılıq müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi olub. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin regional bürosu məlumat verir.
Müsabiqə Gənclik Mərkəzində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Bilik Fondu və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri yanında Gənclər Fondu tərəfindən təşkil edilib.
“Müstəqillik illərində ölkəmizdə və onun ayrılmaz hissəsi olan muxtar respublikada, geniş quruculuq işləri həyata keçirilib, əldə edilən sürətli inkişafın fonunda ədəbiyyatımız, mədəniyyətimiz, incəsənətimiz çox böyük uğurlar əldə edib”, - deyə Gənclər Fondunun icraçı direktoru Məmməd Babayev çıxışında bildirib.
Qeyd olunub ki, teleradio verilişi, qəzet məqaləsi, rəsm əsəri, ədəbi yaradıcılıq, musiqi və elmi məqalə kateqoriyaları üzrə keçirilən müsabiqəyə 104 iştirakçı tərəfindən 24 teleradio verilişi və videoçarx, 46 qəzet məqaləsi, 26 rəsm əsəri, 20 ədəbi yaradıcılıq, 6 musiqi əsəri və 8 elmi məqalə olmaqla cəmi 130 material təqdim olunub. Müsabiqəyə təqdim olunan işlər bədii səviyyəsi və keyfiyyəti, ideyanın orijinallığı, savadlı kompozisiya həlli, işin təsiredici qüvvəyə malik olması, mövzunun asan qavranılması, yaradıcı yanaşma və digər meyarlar əsasında qiymətləndirilərək qaliblər müəyyənləşdirilib.
Müsabiqənin əsasnaməsinə uyğun olaraq 2 birinci, 3 ikinci, 4 üçüncü və 5 həvəsləndirici yer müəyyənləşdirilib. Birinci, ikinci və üçüncü yerlərin qalibləri üçün pul mükafatları və diplom, həvəsləndirici yer üçün isə qiymətli hədiyyə və diplom nəzərdə tutulub.
Müsabiqənin qaliblərinə diplomlar və pul mükafatları təqdim olunub.
Q.Hüseynova