NATO Azərbaycanın fəal əməkdaşlığı və bir sıra çoxşahəli məsələlərdə Şimali Atlantika Müqaviləsi Təşkilatına verdiyi töhfəni yüksək qiymətləndirib.
Аzərbaycanın NATO yanında nümayəndəliyinin məlumatına görə, bu barədə NATO Mənzil Qərargahında Azərbaycanın 2015-ci il Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planının Qiymətləndirmə (IPAP) sənədinin müzakirəsi zamanı bəyan edilib.
Müzakirələr zamanı NATO-nun üzvü olan ölkələr Azərbaycanın sadiq və etibarlı tərəfdaş olduğunu vurğulayıb və ölkənin NATO cari gündəliyində duran çoxşaxəli məsələlər, o cümlədən Qətiyyətli Dəstək Missiyası, etimad fondları, Müdafiə Təhsilinin Gücləndirilməsi Proqramı, mülki fövqəladə planlaşdırma, meydana gələn təhlükəsizlik çağırışları və s. üzrə fəal əməkdaşlığını və töhfəsini yüksək dəyərləndiriblər.
Tədbirdə Azərbaycanda təhlükəsizlik sektorunun islahatı, qüvvələrin NATO ilə qarşılıqlı operativ uzlaşması, həmçinin regionda təhlükəsizlik məsələləri, o cümlədən Ermənistan-Azərbaycan münaqişəsi ilə də bağlı fikir mübadiləsi aparılıb.
Müzakirələr “28+1” formatında keçirilib.
F.İsazadə