Azərbaycan Mərkəzi Bankı (AMB) 21 dekabr 2015-ci il tarixindən etibarən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu barədə AMB-dən məlumat verilib.
“AMB-nin İdarə Heyəti 21 dekabr 2015-ci il tarixində etibarən üzən məzənnə rejiminə keçilməsi barədə qərar qəbul edib. Bu qərara əsasən manatın məzənnəsi başlıca olaraq valyuta bazarında tələb və təklifin nisbətini müəyyən edən fundamental amillərin təsirinə uyğun olaraq formalaşacaq”, - deyə bəyanatda qeyd olunur.
Bu qərar uzunmüddətli xarakter daşıyan xarici iqtisadi şokların güclənməsini nəzərə alaraq, tədiyyə balansının tarazlaşdırılması, ölkənin valyuta ehtiyatlarının kritik səviyyədə qorunması, milli iqtisadiyyatın beynəlxalq rəqabət qabiliyyətinin təmin olunması məqsədilə qəbul edilib.
AMB-nin qiymətləndirmələrinə əsasən, cari ilin iyul ayının sonlarından etibarən neftin qiymətinin sürətlə aşağı düşməsi müşahidə olunur. “Son aylarda volatilliyin daha da artması nəticəsində 2014-cü ilin əvvəlindən bir sıra tərəfdaş ölkələrin milli valyutalarının dəyərsizləşməsi 100%-i ötüb”, - deyə bəyanatda vurğulanır.
Bununla əlaqədar Azərbaycan Mərkəzi Bankı dekabrın 21-nə manatın dollara nisbətən rəsmi məzənnəsini dekabrın 18-də qeydə alınmış 1,0499 manat/$1 səviyyəsinə qarşı 1,55 manat/$1 səviyyəsində müəyyən edib.
A.Əzizov