İrəvan hər vəchlə Ermənistan-Azərbaycan münaqişəsinin nizamlanmasına mane olmaq cəhdlərini davam etdirir. Bu barədə xarici işlər naziri Elmar Məmmədyarov AZƏRTAC dövlət informasiya agentliyinə müsahibəsində bildirib.
“Beləliklə, ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən dəstəklənən və yenilənmiş Madrid prinsipləri əsasında hazırlanmış təkliflərdən çıxış edərək hərtərəfli sülh sazişinin hazırlanması prosesinə başlamağın vaxtıdır”, - deyə E.Məmmədyarov vurğulayıb.
“Qoşunların təmas xətti və Ermənistan-Azərbaycan sərhədi boyunca təxribat-diversiya əməlləri törətməklə qəsdən vəziyyəti gərginləşdirmək, Azərbaycanın işğal olunmuş ərazilərində müxtəlif qeyri-qanuni əməllər həyata keçirməklə Ermənistan hər vəchlə münaqişənin həllinə mane olmağa çalışır”, - deyə E.Məmmədyarov qeyd edib.
Nazirin sözlərinə görə, Rusiyanın XİN başçısı Sergey Lavrov tərəfindən Azərbaycan və Ermənistana Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair təkliflər təqdim olunub.
“Bu təkliflər ATƏT-in Minsk qrupunun digər həmsədr dövlətləri tərəfindən də dəstəklənir. Təsadüfi deyil ki, bu təkliflərin müzakirəsi ilə əlaqədar 2014-cü il ərzində Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bakıda və Yerevanda işgüzar səfərlərdə oldu və təkliflərlə əlaqədar Azərbaycan və Ermənistan prezidentləri ilə fikir mübadiləsi apardı”, - deyə o vurğulayıb.
XİN başçısı qeyd edib ki, Bakı ATƏT-in Minsk qrupunun həmsədri kimi Rusiyanın münaqişənin həlli istiqamətində göstərdiyi səyləri yüksək qiymətləndirir.
“Bu təkliflər 2014-cü il ərzində prezidentlərin Soçi, Nyu-Port və Paris görüşləri zamanı əldə edilmiş razılaşmaları ehtiva edərək, yenilənmiş Madrid prinsipləri əsasında hazırlanıb. Altı bənddən ibarət olan yenilənmiş Madrid prinsipləri isə geniş ictimaiyyətə bəllidir. Burada Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin ətrafında olan işğal edilmiş rayonların mərhələli şəkildə işğaldan azad edilməsi, o cümlədən digər məsələlər əks olunub”, - deyə E.Məmmədyarov qeyd edib.
Onun sözlərinə görə, danışıqlar prosesində konkret təkliflər olduğu halda, Ermənistan tərəfindən verilən bəyanatlarda bunların heç birinə toxunulmur və məqsədyönlü şəkildə hədəfdən yayınmaq üçün insidentlərin araşdırılması mexanizmi və digər ikinci dərəcəli məsələlər gündəmə gətirilir və yalnız daxili auditoriya üçün hesablanmış spekulyativ bəyanatlar verilir.
E.Məmmədyarov vurğulayıb ki, ABŞ-da və digər ölkələrdə olan erməni lobbi dairələri səfərbər edilərək, danışıqlar mövzusu olan və münaqişənin hərtərəfli həllinə xidmət edəcək köklü məsələlərdən diqqəti yayındırırlar.
R.Babayev