Bazar ertəsi manatın 47,6% devalvasiyasından sonra mobil telefon satışı ilə məşğul olan mağazalar qiymətləri artırıb.
“Manatın devalvasiyasından dərhal sonra biz telefonların qiymətlərini qaldrımağa məcbur olduq. Bu, normal vəziyyətdir, çünki malı dollarla alırıq və onun satış qiyməti məzənnədən irəli gəlir. Əgər məzənnə dəyişirsə, qiymət də dəyişir”, - deyə mobil telefonların satışı ilə məşğul olan mağazalardan birinin sahibi “İnterfaks-Azərbaycan” agentliyinə bildirb.
Onun sözlərinə görə, Yeni il ərəfəsi fəal ticarət dövrü hesab edilir. “Lakin manatın devalvasiyasına görə bi il gəlirim deyil, zərərim olacaq. Dəyəri 800 manat olan IPhone 6 indi ən azı 1,2 min manat olub. Qiymətlərin artımı satışın azalmasına səbəb olacaq, müvafiq olaraq, gəlirlərimizin azalması və itkilərin artması ilə nəticələnəcək”, - deyə o vurğulayıb.
Bununla belə, o qeyd edib ki, hazırda bazarda qeyri-müəyyən vəziyyət yaranıb. “Azərbaycana mobil telefon idxal edən şirkətlər gözləmə mövqeyi tutublar. Onlar respublikaya mal gətirmirlər, məzənnə ilə bağlı vəziyyətin aydınlaşmasını gözləyirlər”, - deyə mağaza sahibi vurğulayıb.
Onun sözlərinə görə, mobil telefon satışı ilə məşğul olan satıcıların mobil rabitə operatorları ilə problemləri yaranacaq. “Çalışdığımız mobil rabitə operatoru bizə bonuslar üzrə 7-8 ayın pulunu borcludur və bu məbləğ manatladır. Misal üçün, bizə 20 min manat borcları var idi, bu da devalvasiyadan öncə $19 minə yaxın təşkil edirdi. Devalvasiyadan sonra 20 min manat artıq $13 mindən az həcmdədir, yəni bununla da bağlı itkilərimiz olacaq”, - deyə o əlavə edib.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 21 dekabr 2015-ci il tarixindən etibarən üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bunun ardınca AMB manatı 47,6% devalvasiya edərək manatın dollara nisbətən məzənnəsini 1,55 manat/$1 səviyyəsində müəyyən edib. Cari ilin fevral ayında ilk devalvasiya nəzərə alınmaqla 2015-ci ildə manat dollara nisbətən təxminən iki dəfə ucuzlaşıb.
A.Əzizov