Manatın devalvasiyası Azərbaycanda inflyasiyanın sürətlənməsinə səbəb olacaq, lakin hökumət bu göstəricini birrəqəmli səviyyədə saxlamaq üçün kifayət qədər alətə malikdir. Asiya İnkişaf Bankının (AİB) Bakıdakı nümayəndəliyinin aparıcı iqtisadçısı Nail Vəliyev belə hesab edir.
“Şübhəsiz ki, kəskin devalvasiya ölkənin makroiqtisadi göstəriciləri, ilk növbədə, inflyasiyanın səviyyəsinə ciddi təsir göstərir. Devalvasiya dalğasından keçən Qazaxıstan, Qırğızıstan və digər ölkələrdə də eyni vəziyyət müşahidə olunub”, - deyə N.Vəliyev “İnterfaks-Azərbaycan” agentliyinə bildirib.
Onun sözlərinə görə, hökumət və Mərkəzi Bank inflyasiyanı birrəqəmli səviyyədə saxlamaq üçün monetar alətlərə malikdir.
“Fevral ayında baş vermiş devalvasiyadan sonra bank əmanətlərinin strukturu dəyişib, bu gün əhalinin əksəriyyəti vəsaitlərini dollarda saxlayır. Həmçinin manatla kreditləşmənin həcmi də azalıb. Müvafiq olaraq ölkədə manatla olan pul kütləsi azalıb. Bundan başqa, 2016-ci ilin dövlət büdcəsində, ilk növbədə infrastruktur layihələrə xərclərin azaldılması nəzərdə tutulur. Bu, ilk öncə həmin layihələrdə iştirak edə biləcək şəxslərin gəlirlərində öz əksini tapacaq. Bütün bunlar nəticə etibarilə istehlak xərclərinin azalmasına səbəb olur. Bu amillər inflyasiyanın azalmasına təsir edəcək”, - deyə N.Vəliyev vurğulayıb.
O qeyd edib ki, neft gəlirlərinin azalmaqda davam etməsi, yeni devalvasiya və 2016-cı ilin büdcəsində investisiya layihələrinə xərclərin azalması yəqin ki, ölkədə iqtisadi artımın 1-2% ləngiməsi ilə nəticələnəcək.
N.Vəliyevin sözlərinə görə, AMB-nin manatın üzən məzənnəsinə keçidlə bağlı qərarı valyuta ehtiyatlarının saxlanmasına yönəlib. Bu qərarın “vaxtı çatmışdı”.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 21 dekabr 2015-ci il tarixindən etibarən üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bunun ardınca AMB manatı 47,6% devalvasiya edərək manatın dollara nisbətən məzənnəsini 1,55 manat/$1 səviyyəsində müəyyən edib. Cari ilin fevral ayında ilk devalvasiya nəzərə alınmaqla 2015-ci ildə manat dollara nisbətən təxminən iki dəfə ucuzlaşıb.
A.Axundov