Azərbaycan Mərkəzi Bankı (AMB) devalvasiyadan sonrakı şərtlərdə bankları dəstəkləyəcək. Bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov AzTV dövlət kanalına müsahibəsində bildirib.
“Bank sektoru valyutanın yeni məzənnəsinə dayanıqlılıq nümayiş etdirir. Ümumilikdə əmanətçilər üçün heç bir təhlükə yoxdur. Lakin bütün bunlara baxmayaraq, sabitliyin artması, bank sektorunun dayanıqlılığı üçün əlavə kompleks tədbirlər planlaşdırırıq”, - deyə E.Rüstəmov qeyd edib.
Onun sözlərinə görə, bu tədbirlər iki istiqamətdə aparılacaq.
“Birinci istiqamət tənzimləyici bazanın növbəti dəfə yumşaldılmasını nəzərdə tutur. Banklar kapitallaşmanın, likvidliyin, aktivlərin keyfiyyətinin artırılması, əlavə ehtiyatlarının yaradılması üçün imkan əldə edəcəklər. İkinci istiqamət əhalinin əmanətləri məsələsidir. Əmanətlərin 80%-ə qədəri xarici valyutada cəmləşib, bu əmanətçilər bu yolla xarici valyutanın məzənnəsinin dəyişməsindən sığortalanıblar. Biz əmanətlərin sığortalanması sisteminin yaxşılaşdırılması istiqamətində işləri başa çatdırırıq”, - deyə E.Rüstəmov qeyd edib.
Azərbaycan Mərkəzi Bankı 2015-ci il dekabrın 21-də manatın üzən məzənnəsinə keçdiyini elan edib. Bunun ardınca AMB milli valyutanı 47,6% devalvasiya edərək manatın dollara nisbətən məzənnəsini 1,55 manat/$1 səviyyəsində müəyyənləşdirib. Fevral ayında baş vermiş birinci devalvasiya nəzərə alınmaqla, 2015-ci ildə manat dollara nisbətən təxminən iki dəfə ucuzlaşıb.
A.Axundov