Azərbaycan hökuməti 2016-cı ildə idxalı əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir. Bunu Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov AzTV dövlət telekanalına müsahibəsində bildirib.
“İdarə olunan üzən məzənnəyə keçid haqqında qərar idxalın əhəmiyyətli dərəcədə azalmasına, ixracın artmasına və idxalı əvəzləyən istehsalın gücləndirilməsinə gətirib çıxarmalıdır. Biz minimal idxal səviyyəsini qoruyub saxlamalıyıq. Ölkəyə gətirilən dəbdəbəli mallardan tutulan rüsumları artırmalıyıq. Bir çox ölkələrdə bu var”, - deyə E.Rüstəmov qeyd edib.
Onun sözlərinə görə, hökumət idxalı məhdudlaşdırmalı, daxili bazarı iqtisadi metodlarla müdafiə etməlidir.
“Paralel olaraq idxalın yaxşılaşdırılması üzrə tədbirlər görülməlidir. Biz bu barədə də düşünürük. İqtisadiyyat və sənaye nazirliyi idxalçılara ucuz kreditlərin və digər güzəştlərin verilməsi üzrə kompleks tədbirlər üzərində işləyir”,- deyə E.Rüstəmov qeyd edib. Azərbaycan Mərkəzi Bankı 2015-ci il dekabrın 21-də manatın üzən məzənnəsinə keçdiyini elan edib. Bunun ardınca AMB milli valyutanı 47,6% devalvasiya edərək manatın dollara nisbətən məzənnəsini 1,55 manat/$1 səviyyəsində müəyyənləşdirib. Fevral ayında baş vermiş birinci devalvasiya nəzərə alınmaqla, 2015-ci ildə manat dollara nisbətən təxminən iki dəfə ucuzlaşıb.
DGK-nin məlumatına əsasən, 2015-ci ilin yanvar- noyabr aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi $18 mlrd. 815 mln. 373,24 min (azalma 34,73%) təşkil edib. Hesabat dövründə ixrac $10 mlrd. 619 mln. 195,45 min, idxal $8 mlrd. 196 mln. 177,79 min təşkil edib. 2014-cü ilin yanvar-noyabr aylarının göstəricisi ilə müqayisədə ixrac 48,73% azalıb, idxal 1,03% artıb.
A.Əzizov