ABŞ Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasına sadiqdir. AZƏRTAC dövlət informasiya agentliyinin bu gün verdiyi məlumata görə, bu barədə ABŞ Hərbi-Dənjiz Qüvvələrinin kontr-admiralı, ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kerbi bəyan edib.
“Birləşmiş Ştatlar həmsədr ölkə kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli prosesində vasitəçiliyə sadiqliyini saxlayır”, - deyə Con Kerbi Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair danışıqlar prosesi barədə bəyanatla çıxışı zamanı vurğulayıb.
O, ötən həftə Berndə Ermənistan və Azərbaycan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşünü şərh edərək bildirib ki, sammit prezidentlərə il ərzində ilk dəfə üzbəüz görüşmək və mövqeləri aydınlaşdırmaq imkanı yaradıb.
C.Kerbinin sözlərinə görə, İ.Əliyev və S.Sarkisyan münaqişə zonasında vəziyyətin pisləşməsi faktını etiraf edib və dinc əhali arasında itkilərə dair narahatlıq bildiriblər.
Dövlət Departamentinin nümayəndəsi qeyd edib ki, prezidentlərin xahişinə əsasən Minsk qrupunun həmsədrləri güc işlədilməsinə yenidən başlanması riskinin azaldılması istiqamətində təkliflər üzərində işi davam etdirəcəklər. Həmsədrlər, həmçinin gələn il münaqişənin tənzimlənməsi istiqamətində müzakirələrin davam etdirilməsi üçün prezidentlərin yeni görüşünün keçirilməsini dəstəkləməyə hazır olduqlarını bildiriblər.
O deyib ki, ATƏT-in Minsk qrupunun ABŞ tərəfindən həmsədri Ceyms Uorlik güc işlədilməsinə yenidən başlanması riskinin azaldılması istiqamətində bütün tədbirlərin rusiyalı və fransalı həmkarları ilə müzakirəsini davam etdirir. C.Kerbi münaqişə zonasında gərginliyin azaldılması metodlarından danışaraq, bu işdə xüsusilə Dağlıq Qarabağ regionunun nəsillikcə bir yerdə yaşamış erməni və azərbaycanlı icmalarının nümayəndələri arasında xalq diplomatiyasının mühüm rolunu qeyd edib.
Onun sözlərinə görə, Vaşinqtonda inanırlar ki, sülhün yaranması üçün hər iki icma yenidən bir-birinə etibar etməyi bacaracaq. ABŞ regionda sülh və təhlükəsizlik naminə tərəflərin qəbul edə biləcəyi və müvafiq olaraq icra edəcəyi təkliflərin verilməsini istəyir.
R.Babayev