Bakı və Tehran arasında İran məhsullarının Azərbaycan üzərindən dünya bazarına çıxarılmasının mümkünlüyünə dair müzakirələr aparılır. Bu barədə İqtisadiyyat və Sənaye Nazirliyindən məlumat verlib.
Bu məsələ dünən Tehranda keçirilmiş Azərbaycan ilə İran arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının 10-cu iclası zamanı müzakirə olunub.
İclasda tərəflər qeyd ediblər ki, ölkələr arasında ikitərəfli və tranzit yükdaşımalarının artırılması üçün Şimal-Cənub nəqliyyat dəhlizinin təkmilləşdirilməsi sahəsində görülən işlər, o cümlədən Azərbaycan və İran dəmir yollarının əlaqələndirilməsi, dəmir yolu körpüsünün və yükaşırma terminalının tikintisi, eləcə də Astara və Biləsuvar sərhəd-keçid məntəqəsinin 24 saatlıq iş rejiminə keçirilməsi işləri sürətləndiriləcək.
Bundan başqa, tərəflər Azərbaycan və İranın Xəzər limanlarının və gəmiçilik şirkətlərinin iştirakı ilə tranzit daşımaları sahəsində əməkdaşlığın genişləndirilməsinə dair razılıq əldə ediblər.
İclasda Dövlət Komissiyası çərçivəsində iki ölkə arasında iqtisadiyyatın müxtəlif sahələrində müzakirələrin aparılması məqsədilə daimi əsasda işçi qruplarının yaradılması barədə qərar qəbul olunub.
İclasın yekunlarına dair Protokol imzalanıb. Protokolu Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev və İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi imzalayıblar.
A.Axundov