Mədəniyyət və Turizm Nazirliyi “Xalq sənətkarlarının Respublika interaktiv sərgisi” təşkil edir. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə nazirlikdən məlumat verilib.
31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş tədbir 22-24 dekabr tarixlərində Muzey Mərkəzində keçiriləcək.
Sərgi istedadlı xalq sənətkarlarının aşkar edilməsi, tanıdılması, onların nümunəvi əl işlərinin təbliğ edilməsi məqsədi ilə təşkil edilir.
Sərgidə respublikanın 40-dan artıq rayon və şəhərindən 150 müəllifin 700-dən artıq əl işi nümayiş olunacaq.
Sərginin ziyarətçiləri rəngkarlıq, xalçaçılıq, heykəltəraşlıq, toxuculuq, misgərlik, dulusçuluq, batika və dekorativ-tətbiqi sənət nümunələri ilə interaktiv formatda tanış ola biləcəklər.
A.Zeydullayeva