Manatın devalvasiyası 2016 və 2017-ci illərdə Bakıda keçiriləcək Formula-1 və IV İslam Həmrəyliyi Oyunlarının büdcəsinə təsir göstərməyəcək. Bu barədə jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov bildirib.
“Manatın devalvasiyası 2016-cı ildə keçiriləcək Formula-1 və 2017-ci ildə keçiriləcək İslam Həmrəyliyi Oyunlarının büdcəsinə heç bir təsir göstərməyəcək”, - deyə nazir qeyd edib.
Onun sözlərinə görə, hər iki yarışın büdcəsi təsdiq edilib və dəyişməz olaraq qalacaq.
Nazir sözügedən yarışlarda iştirak edəcək idmançıların maliyyələşdirilməsi ilə bağlı suala cavab verərək deyib ki, nümayəndə heyətləri Azərbaycana öz hesablarına gələcəklər.
“İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək xarici qonaqlar bura öz hesablarına gələcəklər. Onlar ölkəmizdə qaldıqları müddətdə bütün xərcləri özləri ödəyəcəklər. 1 günlük xərclər $50 təşkil edir”, - deyə A.Rəhimov vurğulayıb.
Onun sözlərinə görə, Formula-1 yarışlarının hər mərhələsində iştirakın öz maliyyələşmə qaydaları vardır.
R.Babayev