Manatın devalvasiyası ilə əlaqədar Azərbaycanda dərman vasitələrinin qiymətlərinə təkrar baxılacaq. Bu barədə çərşənbə axşamı jurnalistlərə səhiyyə nazirinin müavini Elsevər Ağayev məlumat verib.
“Dərman vasitələrinin qiymətinə yenidən baxılacaq. Qiymətlərin bir neçə faiz qaldırılması barədə qərar qəbul ediləcək”, - deyə E.Ağayev qeyd edib.
Onun sözlərinə görə, bu, Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş Azərbaycanda qeydiyyatdan keçmiş dərman preparatlarının qiymətlərinin tənzimlənməsi və nəzarət qaydaları ilə əlaqədardır.
“Bu qaydalara əsasən, valyuta məzənnəsi 5%-dən çox artarsa, təsdiq edilmiş qiymətlərə yenidən baxılmalıdır”, - deyə nazir müavini qeyd edib.
O, dərman vasitələrinin qiymət artımının qaçılmaz olduğunu söyləyib.
“Lakin yeni qiymətlər əvvəlkindən aşağı olacaq, çünki dərman preparatlarının qiyməti bir neçə dəfə azaldılıb. Yeni artımdan sonra qiymətlər yenə əvvəlkindən ucuz olacaq”,- deyə E.Ağayev qeyd edib.
Onun sözlərinə görə, dekabrın 21-də 3540 adda dərman vasitəsi yeni qiymətlərlə satışa çıxarılıb ki, bu da onların qiymətinin dövlət tərəfindən tənzimlənməsi ilə əlaqədardır.
“Tarif Şurası dəfələrlə qeyd edib ki, 46% dərman vasitəsinin qiyməti 2 dəfə, 24% dərmanların qiyməti 3 dəfədən çox azaldılıb. Qiymətlər hətta 5-7 dəfə azaldılıb”,- deyə o əlavə edib.
Apteklərdə dərman preparatlarının qiymətlərini süni surətdə artıranlara yüksək cərimələr tətbiq ediləcək.
“Tezliklə yeni İnzibati Xətalar Məcəlləsi qəbul ediləcək ki, bu məcəllədə dərman vasitələrinin qiymətlərini süni şəkildə artıran hüquqi şəxslərin 40-50 min manat məbləğində cərimələnməsi nəzərdə tutulur”,- deyə E.Ağayev bildirib.
R.Babayev