Baş Prokurorluq jurnalist Rasim Əliyevin ölümü ilə bağlı cinayət işinin istintaqını tamamlayıb.
“Dekabrın 22-də Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib”, - deyə Baş Prokurorluğun məlumatında deyilir.
Bundan başqa, cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi ayrıca icraata ayrılıb və məhkəməyə göndərilmək mərhələsindədir, deyə prokurorluğun mətbuat xidmətindən bildiriblər.
Xəbər verildiyi kimi, “Qəbələ” futbol klubunun oyunçusu Cavid Qurbanov və bibisi oğlu, futbolçu Elşən İsmayılov jurnalist Rasim Əliyevin döyülərək öldürülməsi ilə əlaqədar qaldırılan cinayət işi ilə bağlı məhkəmənin qərarına əsasən həbs olunublar.
Araşdırmalar zamanı müəyyən edilib ki, 1988-ci ildə Cəbrayıl rayonunda anadan olmuş C.Hüseynov avqustun 6-da «Qəbələ» futbol klubunun heyətində Kipr Respublikasının «Apollon» futbol klubu ilə Bakı şəhərində keçirilən oyunda iştirakından sonra jurnalistlərin suallarını cavablandırarkən yol verdiyi hərəkətlərə görə şəxsi “Facebook” səhifəsində tənqidi fikirlər yazmış ANN.az saytının videoreportyoru Rasim Əliyevə zəng edərək ondan təkzib verməyi tələb edib.
Bundan sonra C.Hüseynovun bibisi oğlu 1994-cü il təvəllüdlü Elşən İsmayılov da R.Əliyevə zəng edərək təkzib verməsini tələb edib və bu zəmində aralarında mübahisə yaranıb. Nəticədə E.İsmayılov R.Əliyevdən qisas almaq məqsədilə özünə yaxın olan Camal Məmmədov, Arif Əliyev, Kənan Mədətov və Samir Mustafayevdən ibarət qrup yaradaraq avqustun 8-də saat 16 radələrində Bayıl qəsəbəsində «Bayıl market» mağazasının qarşısında onunla görüşüb.
Onlar R.Əliyevə əl və ayaq zərbələri ilə daxili orqanlarının zədələnməsinə səbəb olan çoxsaylı ağır dərəcəli bədən xəsarətləri yetirib və hadisə yerindən qaçıblar. R.Əliyevin təcili-tibbi yardım vasitəsilə Bakı Kliniki Tibbi Mərkəzə çatdırılmasına və üzərində müalicə və əməliyyat aparılmasına baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb və avqustun 9-da saat 05:00 radələrində orada vəfat edib.
Faktla bağlı Bakı şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi qaldırılıb. Polis və prokurorluq əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.
İstintaq zamanı R.Əliyevə məxsus İPHONE-5 markalı mobil telefonun cinayətin iştirakçısı A.Əliyev tərəfindən sındırılıb yaşadığı Bakıxanov qəsəbəsində yerləşən «Arzu» şadlıq sarayının yaxınlığındakı zibilliyə atılması müəyyən olunub.
A.Əzizov