“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” (AXDG) QSC cari ayın sonuna kimi “Professor Gül” və “Merkuri-1” bərə gəmilərini istismara buraxmağı planlaşdırır. Bu barədə QSC-nin saytında məlumat verilib.
“Bu iki bərə gəmisi istismara verildikdən sonra Xəzər Dəniz Gəmiçiliyinin istifadədə olan bərə və Ro-Ro gəmilərinin sayı 14-ə çatacaq”, - deyə məlumatda qeyd edilir.
Hazırda Xəzər dənizində qatarların və təkər texnikasının daşınmasını həyata keçirən 10 bərə və 2 Ro-Ro gəmisi istismar olunur. Bununla belə, istismarda olan gəmilərdən 5 bərə və 1 Ro-Ro gəmisi Bakı-Aktau, digər 5 bərə və 1 Ro-Ro gəmisi isə Bakı-Türkmənbaşı istiqamətində daşımalara cəlb olunub.
“Türkiyədən Orta Asiya istiqamətində tranzit hərəkət edən yük avtomobillərinin Xəzərdən daşınmasını sürətləndirmək məqsədilə AXDG bərələrinin istismara mümkün qədər tez qaytarılması üçün bütün tədbirləri görür. Dekabr ayının əvvəlindən yaranan vəziyyəti nəzərə alaraq, Gəmiçiliyin rəhbərliyi istismar ehtiyatında olan bərə gəmilərinin operativ qaydada istismara qaytarılması ilə bağlı qərar verib”, - deyə məlumatda qeyd olunur.
O da bildirilir ki, hava şəraitinin əlverişli olmaması səbəbindən dekabr ayının 16 və 18-də Bakıdan çıxan “Akademik Zərifə Əliyeva” və “Akademik Həsən Əliyev” bərə gəmiləri bu günə kimi Aktau limanında körpüyə yan ala bilmirlər.
Hazırda AXDG-nin balansında 13 bərə gəmisi var.
N.Abbasova