Azərbaycan gəncləri dövlətçiliyimizin möhkəmlənməsində fəal iştirak edirlər. Milli Məclisin deputatı Fuad Muradov buna əmindir.
“Azərbaycanda gənclər təşkilatlarının yüksək səviyyədə fəaliyyəti ölkədə yaradılan əlverişli şəraitlə əlaqədardır. Azərbaycan prezidenti İlham Əliyev bütün çıxışlarında qeyd edir ki, gənclər dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Çox şadam ki, bu gün Azərbaycan gəncləri dövlətçiliyimizin möhkəmləndirilməsində iştirak edir”, - deyə F.Muradov “İrəli” İctimai Birliyinin 7 illik fəaliyyətinə həsr olunmuş konfransda bildirib.
O, gənclərə xatırladıb ki, Azərbaycanın müdafiəsi və inkişafı onların ən mühüm vəzifəsi olmalıdır.
“Bu gün dünyada 4 mindən artıq xalq yaşayır. Onlardan yalnız 200-nün dövlətçiliyi var. Biz dövlətimizi qorumalı və inkişaf etdirməliyik. Gənclərin üzərinə bununla bağlı böyük məsuliyyət düşür. Biz, deputatlar, dövlət qurumlarının nümayəndələri sizinlə bu məsuliyyəti bölüşməyə hazırıq”, - deyə F.Muradov qeyd edib.
“Əfsuslar olsun ki, hazırda Azərbaycan ərazilərinin bir hissəsi işğal altındadır. Hər bir gənc, vətəndaş torpaqlarımızın azad olunması üçün bütün bacarığından istifadə etməlidir. Əminəm ki, ölkə prezidentinin yürütdüyü siyasət torpaqlarımızın tezliklə işğaldan azad edilməsinə kömək edəcək”, - deyə o əlavə edib.
Deputatın sözlərinə görə, gənclər Şuşa, Laçın və bütövlükdə Dağlıq Qarabağda çox işlər həyata keçirməlidir.
F.Muradov gənclərin qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyinə və işğal edilmiş ərazilərdə böyük işlər həyata keçirəcəyinə əminlik ifadə edib.
F.İsazadə