“VTB Bank (Azerbaijan)” ASC-nin ABŞ-ın sektoral sanksiyalar tətbiq etdiyi təşkilatlar siyahısına daxil edilməsi bankın müştərilərinə təsir etməyəcək.
“Bank müştərilər qarşısındakı öhdəliklərini yerinə yetirir və bildirir ki, ABŞ tərəfindən məhdudlaşdırıcı tədbirlərin uzadılması bankın nə fiziki, nə də hüquqi müştərilərinə təsir etməyəcək”, - deyə məlumatda qeyd olunur.
Həmçinin bildirilir ki, “VTB Bank (Azerbaijan)” ASC-nin ABŞ-ın sektoral sanksiyalar tətbiq etdiyi təşkilatlar siyahısına daxil edilməsi 2014-cü ilin sentyabr ayından ona qarşı tətbiq edilən sanksiyaların hüquqi qüvvəsini dəyişmir.
Məlumata əsasən, bank likvidlik və kapital səviyyəsini lazımi səviyyədə saxlamaqla ştat rejimində fəaliyyətini davam etdirir.
“Sanksiya siyahısında konkret təşkilatların adının açıqlanmasıbankdan hər hansısa alternativ qərarların verilməsini tələb etmir. Çünki tətbiq olunan sanksiyalar əsasən bankın kapitalına ABŞ-dan 30 gündən çox müddətə vəsaitin cəlb olunmasını məhdudlaşdırır.Bank əsas vəsaitləri ölkə daxilindən cəlb edir və baş ofis -VTB-nin dəstəyindən istifadə edir”, - deyə məlumatda qeyd olunur.
Azərbaycan Mərkəzi Bankı 2008-ci ilin noyabr ayında Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təqdir edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 51%-i “VTB Bank” ASC-yə, 48,99%-i “AtaHolding” şirkətlər qrupuna, 0,01%-i fiziki şəxsə məxsusdur.
A.Axundov