Azərbaycan Ermənistan Müdafiə Nazirliyinin Azərbaycan Silahlı Qüvvələrinin il ərzində cəbhədə 215 əsgər itirməsi barədə açıqlamasını təkzib edir.
“Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibinin ötən gün yerli KİV-lərdə yayılan və guya Azərbaycan Silahlı Qüvvələrinin il ərzində cəbhədə 215 əsgər itirməsi açıqlaması Artsrun Ovanisyanın “yuxusu”dur, - deyə Müdafiə Nazirliyinin mətbuat katibi Vafiq Dərgahlı “İnterfaks-Azərbaycan” agentliyinə bəyan edib.
Onun sözlərinə görə, A.Ovanisyanın bu bəyanatı öz müdafiə nazirinin hərəkətləri qədər çox məsuliyyətsiz, heç bir əndazəyə sığmayan sözlərdir.
“Onlar öz sayıqlamalarını mətbuat vasitəsi ilə ictimaiyyətə sırımaqda, itkilərini gizlətməkdə ustadırlar. Bu sahədə böyük təcrübələri var. Bizdə olan məlumata görə Ermənistan tərəfi öz itkilərinin sayını gizlədir. İtkiləri o qədər çoxdur ki, onları açıqlamaqdan çəkinirlər. Odur ki, Azərbaycan tərəfinin itkiləri barədə şişirdilmiş, yalan, təxribat dolu xəbərlər yaymaqla erməni ictimaiyyətini qismən də olsa sakitləşdirmək istəyirlər”, - deyə V.Dərgahlı bildirib.
O qeyd edib ki, Azərbaycan Müdafiə Nazirliyi cəbhədəki hər bir şəhid, yaralanan hərbçi barədə informasiyanı mütəmadi olaraq ictimaiyyətə açıqlayır. Şəhidimizin qanı isə artıqlaması ilə alınır.
“Azərbaycan ictimaiyyəti əmin olmalıdır ki, torpaqlarımz işğaldan azad edilənədək ordumuz düşmənə qarşı tədbirlərini davam etdirəcək. İşğal altında olduğu hər gün Azərbaycan torpaqlarından Ermənistana əsgər tabutları gedəcək”, - deyə V.Dərgahlı vurğulayıb.
F.İsazadə