Hesablama Palatası Bakı Şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin fəaliyyətində kompleks pozuntular aşkar edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Palatadan məlumat verilib.
“Hesablama Palatası Birlik tərəfindən büdcə vəsaitlərinin məqsədyönlü istifadəsinin auditi zamanı bir sıra pozuntular aşkar edib. Həmin pozuntular Nizamnamə tələblərinə riayət olunmaması, xərclərin artırılması və s. ilə əlaqədar olub”, - deyə məlumatda bildirilir.
Xüsusilə audit zamanı müəyyən edilib ki, büdcə proqnozları tərtib edilərkən hesablamalar faktiki mövcud olan yaşıllıq ərazilərinə görə deyil, 1976-cı ildə aparılmış inventarizasiya nəticəsində müəyyən edilmiş ərazilərə uyğun həyata keçirilib, qüvvədə olan normalara əməl olunmayaraq yaşıllıqlara xidmət xərclərinin tərkibində təsərrüfat fəaliyyətinə aid xərclər büdcə vəsaiti hesabına proqnozlaşdırılıb.
Bundan başqa, 1 hektar yaşıllıq sahəsinə qulluq üzrə düşən faktiki xərclər qüvvədə olan normalarla müqayisədə yüksək olub, balansda olan faktiki yaşıllıq sahəsinin ərazisi dəqiqləşdirilməyib, Birliyin işçilərinin əmək haqlarının mövcud qanunvericiliyə uyğun müəyyənləşdirilməməsi, işçilərin ixtisas dərəcələrinin düzgün təyin edilməməsi hallarına, digər əsaslandırılmayan xərclərə yol verilib.
Həmçinin audit müəyyən edib ki, nəqliyyat xərclərinin tərkibində yanacaqla bağlı xərclərin hesablanılması zamanı yanacağın pərakəndə satış qiyməti ilə (ƏDV ilə) nəzərdə tutulmasına baxmayaraq, müvafiq xərclərin cəmi məbləğində yenidən ƏDV hesablanması, həmçinin maliyyələşmənin smeta və kalkulyasiya üzrə plan xərci əsasında aparılması səbəbindən artıq büdcə vəsaiti ödənilib. “Abadlaşdırma xidmətləri haqqının ödənilməsi” paraqrafı üzrə ayrılmış vəsaitin xərclənməsi zamanı bəzi hallarda “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə riayət edilməyərək satınalma metodu tətbiq edilmədən vəsait xərc edilib.
Hesablama Palatası auditin nəticələri üzrə rəydə qeyd edilmiş tövsiyələri diqqətə çatdıraraq bildirib ki, Birlik tərəfindən yaşıllıq sahələrinə qulluq edilməsi üçün tələb olunan xərclərin hesablanması və istifadəsi zamanı qüvvədə olan qanunvericiliyin tələblərinə ciddi əməl edilməklə, təsərrüfathesablı gəlirlərin artırılması, xərclərin, o cümlədən icarə haqqı xərclərinin azaldılması və vəsaitlərdən səmərəli və təyinatı üzrə istifadə edilməsi istiqamətində fəaliyyətin gücləndirilməsi zəruridir.
A.Əzizov