Dekabrın 27-də Azərbaycan və İranın dəmir yolu və sərhəd xidmətinin səlahiyyətli nümayəndələri Astaraçay üzərində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpüsünün tikinti layihəsinin reallaşdırılması çərçivəsində görüşəcəklər. Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin məlumatında bildirilir.
“Dekabrın 27-də dəmir yolu və sərhəd xidmətinin səlahiyyətli nümayəndələrinin iştirakı ilə layihə yerində görüşün təşkil olunması və körpünün sıfır nöqtəsinin təyin olunması qərara alınıb”, - deyə məlumatda qeyd olunur.
Bundan əlavə, 25-27 dekabrda körpünün tikintisində geologiya işləri ilə məşğul olan Azərbaycan və İran mütəxəssislərinin sərhədi keçməsi məsələlərinin müzakirə olunması üçün iki ölkənin ekspertlərinin görüşü olacaq.
“Protokola əsasən qərara alınıb ki, İran tərəfi geologiya işlərinin Azərbaycan ərazisində icrasının təşkil olunması məqsədi ilə Azərbaycan sərhədini keçəcək işçilərinin pasport məlumatlarını Azərbaycan tərəfinə təqdim etməlidir. Eyni zamanda Azərbaycan tərəfi müvafiq orqanlardan İran mütəxəssislərinin Azərbaycan sərhədinə girişini təmin edəcək. Bununla bağlı dekabrın 25-27-də tərəflərin mütəxəssislərnin göruşü təşkil ediləcək”,- deyə məlumatda bildirilir.
Astaraçay üzərində Astara (Azərbaycan) - Astara (İran) dəmir yolu körpüsünün tikintisi “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində həyata keçirilir.
N.Abbasova