Azərbaycanda İnsan Hüquqları üzrə Birgə Qrup müstəqil fəaliyyətini davam etdirir və xaricdən kiminsə göstərişləri əsasında fəaliyyət göstərməyə hazırlaşmır. Bunu işçi qrupun həmsədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin sədri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.
“Azərbaycan dövləti insan hüquqları sahəsində öz fəaliyyətini yüksək səviyyədə qurur və xaricdən heç bir təzyiqi qəbul etmir”, - deyə S.Seyidov İnsan Hüquqları üzrə Birgə Qrupun növbəti iclasında çıxışı zamanı bildirib.
O, öz nümayəndəsini qrupdan geri çağırmış Avropa Şurasının baş katibi Turbern Yaqlandın hərəkətinə təccübləndiyini deyib.
“T.Yaqlandın hərəkəti bizə aydın deyil. Əvvəlcə Avropa Şurası bizim qrupun işində iştirak etmək istədiyini bildirib, daha sonra təşkilatın baş katibi öz nümayəndəsini qrupdan geri çağırıb. İndi isə T.Yaqland Avropa Şurasınınn insan haqları üzrə nümayəndəsini Azərbaycana göndərmək istədiyini bildirib”,- deyə S.Seyidov qeyd edib.
R.Babayev