İnsan hüquqları dövlətə təzyiq aləti kimi istifadə olunmamalıdır. Bunu İnsan Hüquqları üzrə Birgə Qrupun həmsədri, AŞPA-dakı Azərbaycan nümayəndə heyətinin sədri, parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov söyləyib.
“İnsan hüquqları dövlətə təzyiq aləti kimi istifadə olunmamalıdır. Avropa Şurasının baş katibi Turbern Yaqlandın öz nümayəndəsini qrupumuzdan geri çağırmasına baxmayaraq, biz həmişə beynəlxalq təşkilatlarla, o cümlədən Avropa Şurası ilə əməkdaşlığa hazırıq. Azərbaycan prezidenti İlham Əliyevin də dəfələrlə bəyan etdiyi kimi, demokratiya, insan hüquqları, qanunun aliliyi dövlətimizin inkişafının əsas prioritetləri hesab edilir. İnsan Hüquqları üzrə Birgə Qrup gələcək fəaliyyətində də bu prinsipləri əsas götürəcək”,- deyə S.Seyidov qeyd edib.
Prezident yanındaƏfvMəsələləri Komissiyasının üzvü, QHT-lərə Dövlət Dəstəyi Şurasının rəhbəri Azay Quliyev xaricdən işçi qrupun fəaliyyətinə müdaxilə cəhdlərinə təəssüf etdiyini bildirib.
“İnsan Hüquqları üzrə Birgə Qrup insan hüquqlarının təmin edilməsi məsələsində dialoqun inkişaf etdirilməsi üçün zəruri olan alətdir”, - deyə qeyd edib.
Öz növbəsində Milli Məclisin deputatı Çingiz Qənizadə 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə prezidentin növbəti əvf fərmanı imzalayacağına ümid etdiyini bildirib.
R.Babayev