Bakı Ali Neft Məktəbinin (BANM) rektoru Elmar Qasımov Heriot-Vatt Universitetinin (HVU) Mühəndislik və təbiət elmləri fakültəsinin (MTE) tədris və təlim üzrə direktoru Mak Klaf Kevin, Kimya mühəndisliyi üzrə tədris qrupunun rəhbəri Culian Qudvin, fakultənin təlim və tədris üzrə meneceri Patrisiya Dankan, fakültənin mühəndislik proqramının direktor köməkçisi Aleksandr Bel, fakültənin professoru Qreym Vaytla görüşüb. Bu barədə “İnterfaks-azərbaycan” agentliyinə BANM-dən məlumat verilib.
BANM-in Heriot Vatt Universiteti ilə əlaqələrindən söz açan rektor E.Qasımov HVU və BANM-in əməkdaşlığının çox sıx şəkildə davam etdiyini deyib. O, bu əməkdaşlığın daha da inkişaf edəcəyinə əminliyini bildirib.
E.Qasımov sözügedən universitetlə əməkdaşlıq çərçivəsində keçən tədris ilində BANM-in iki tələbəsinin HVU-da bir semestr ərzində təhsilini davam etdirdiyini xatırladıb. O, bu işlərin davamlı olacağına əminliyini ifadə edib və BANM-in tələbələrinin HVU-ya göndərilməsi istiqamətində işlərin davam edəcəyini bir daha nəzərə çatdırıb.
Qonaqlar təmsil etdikləri ali təhsil müəssisəsinin ali məktəblə əməkdaşlığa böyük önəm verdiyini bildiriblər və bu istiqamətdə əməkdaşlığın genişləndirilməsindən məmnunluq ifadə ediblər. HVU-nun nümayəndələri BANM-in tələbələrinin imtahanlarda HVU-nun Edinburq və digər kampuslarında təhsil alan tələbələrlə müqayisədə daha yaxşı nəticələr göstərdiklərini vurğulayıblar. Onlar bildiriblər ki, BANM-in tələbələrinin göstəriciləri olduqca yüksəkdir.
Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriatda təhsil alan tələbələri Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil aldıqlarına görə imtahanlar sözügedən universitetlə paralel olaraq eyni günlərdə və saat fərqi nəzərə alınaraq eyni saatda keçirilir. Bu, elektron resurslar vasitəsilə iki ali təhsil müəssisəsinin tələbələri arasında imtahan suallarının cavablarının mübadiləsinin qarşısını almaq məqsədilə həyata keçirilir.
A. Zeydullayeva