Misir Azərbaycanla turizm sahəsində münasibətlərin səviyyəsini qənaətbəxş hesab etmir. Bu barədə Misirin Bakıdakı səfiri Suzan Cəmil “İnterfaks-Azərbaycan” agentliyinə müsahibəsində bildirib.
“Ölkələrimiz arasında turizm sahəsində münasibətlərin səviyyəsi qənaətbəxş deyil. Azərbaycanlı turistlərin sayını ruslarla müqayisə etməyə dəyməz. Rus turistlər Misirə səyahət üzrə dördüncü yerdədirlər”, - deyə səfir qeyd edib.
O hesab edir ki, Azərbaycanla Misir arasında birbaşa reysin açılması bu problemi qismən həll edəcək.
“Turist axınının aşağı səviyyədə olması iki ölkə arasında birbaşa hava əlaqəsinin olmaması ilə bağlıdır”, - deyə S.Cəmil bildirib.
Səfirin sözlərinə görə, bu ilin noyabrın sonunda Misirin turizm nazirinin başçılıq etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri planlaşdırılırdı. Lakin Rusiyanın sərnişin təyyarəsinin qəzaya uğraması ilə əlaqədar səfər qeyri-müəyyən müddətə təxirə salındı.
“Bakıda danışıqlar zamanı “AİR Cairo” şirkəti tərəfindən Azərbaycanla Misir arasında birbaşa aviareysin açılması tarixi müəyyən ediləcəkdi. Ölkələr arasında saziş artıq imzalanıb, yalnız uçuşların başlanma tarixini müəyyən etmək qalır”, - deyə S.Cəmil qeyd edib.
Müsahibənin tam mətni ilə http://interfax.az/view/660646 linki vasitəsilə tanış olmaq olar.
B.Rüstəmbəyov