Hazırda Azərbaycan hökuməti tərəfindən Bakının Nardaran qəsəbəsində abadlıq işləri aparılır. Bu barədə Nardaran ağsaqqalı, şair Əlövsət Zeynalov bəyan edib.
“Bu gün Nardaranda abadlıq işləri aparılır. İşıq, qaz, su verilir”, - deyə Ə.Zeynalov Məhəmməd Peyğəmbərin və onun nəvəsi, altıncı imam Cəfər Sadiqin mövlud gününə həsr olunan tədbirdə bildirib.
Onun sözlərinə görə, qəsəbə əhalisi prezident İlham Əliyevə ümid edir. “Prezidentimiz müdrik insan, ağıllı şəxsiyyətdir. Prezidentə və onun tapşırığı ilə Nardaranda aparılan işlərə inamla yanaşıram”, - deyə o əlavə edib.
Bununla belə, Ə.Zeynalov vurğulayıb ki, qəsəbədə həyata keçirilən xüsusi əməliyyatla əlaqədar Nardarana giriş-çıxış qismən məhdudlaşdırılıb.
Xəbər verildiyi kimi, noyabrın 26-da Nardaranda baş vermiş silahlı insident nəticəsində cinayətkar qruplaşmanın 5 üzvü öldürülüb, 2 polis əməkdaşı həlak olub. Toqquşmalarda bir neçə nəfərin yaralandığı bildirilib. İnsidentlə əlaqədar ilk günlərdə 32 nəfər həbs edilib.
Azərbaycanın hüquq-mühafizə orqanları dekabrın 1-də səhər saat 8-də vətəndaşların hüquq və azadlıqlarının qorunmasının təmin edilməsi və isifadədə olan qanunsuz odlu silah və partladıcıların yığışdırılması məqsədi ilə əməliyyata başlayıb. Fəaliyyət planına uyğun olaraq qəsəbəyə məhdud sayda xüsusi texnika, polis qüvvələri və DİN Daxili Qoşunlarının şəxsi heyəti cəlb edilib. Müəyyən yerlərdə postlar qurulub, hazırda xüsusi əməliyyatların keçirildiyi zonada Baş Prokurorluq, DİN və MTN-in əməliyyat istintaq qrupu fəaliyyət göstərir.
F.İsazadə