Manatın devalvasiyası kənd təsərrüfatı məhsullarının qiymətlərinin müəyyən artımına səbəb olacaq. Bu barədə cümə axşamı jurnalistlərə kənd təsərrüfatı naziri Heydər Əsədov bildirib.
“Devalvasiya yalnız idxalyönümlü kənd təsərrüfatı məhsullarının bahalaşmasına səbəb olmayacaq. Bu proses daxili istehsal məhsullarına da qismən təsir edəcək”, - deyə H.Əsədov qeyd edib.
Onun sözlərinə görə, bu, kənd təsərrüfatı məhsulları istehsalçılarının xərclərinin artması ilə şərtlənir. Çünki həmin şəxslər müxtəlif mərhələlərdə idxal malları (xammal, avadanlıq və s.) alırlar.
Bununla belə, H.Əsədov qeyd edib ki, nazirlik kənd təsərrüfatı yarmarkalarının təşkil olunması hesabına süni qiymət artımının qarşısını almağa çalışacaq. “İstehsalçı və istehlakçı arasında vasitəçilərin sayını azaltmaqla, biz qiymətlərin süni artımının qarşısını almağa müvəffəq ola bilərik”, - deyə H.Əsədov bildirib.
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 21 dekabr 2015-ci il tarixindən etibarən üzən məzənnə rejiminə keçidlə bağlı qərar qəbul edib. Bunun ardınca AMB manatı 47,6% devalvasiya edərək manatın dollara nisbətən məzənnəsini 1,55 manat/$1 səviyyəsində müəyyən edib. Cari ilin fevral ayında ilk devalvasiya nəzərə alınmaqla 2015-ci ildə manat dollara nisbətən təxminən iki dəfə ucuzlaşıb.
A.Axundov