Təhsil Nazirliyi Gəncə şəhərində müəllimlərin diaqnostik qiymətləndirilməsinə başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Təhsil Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Dekabrın 24-25-də Gəncə şəhərinin ümumi təhsil müəssisələrində çalışan müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsinə başlanılıb. Tədbirdə 3500-dən artıq müəllim iştirak edəcək.
Diaqnostik qiymətləndirmə proqram təminatı əsasında kompüterlər vasitəsilə aparılacaq. İmtahan zalında və zaldan kənarda prosesə nəzarət etmək üçün kameralar quraşdırılıb və fasiləsiz videomüşahidə aparılır.
Qiymətləndirmə zamanı iştirakçılara ixtisas üzrə ümumi təhsil proqramına uyğun 40, metodika və təlim strategiyaları üzrə 20 test tapşırığı verilib. Müvafiq qaydalara görə, hər bir düzgün cavab 1 balla qiymətləndirilir. Test tapşırıqlarının hər bir bölmə üzrə minimum 10%-nə düzgün cavab vermiş müəllimlər bilik və bacarıqları diaqnostik qiymətləndirilmiş hesab olunurlar.
A.Zeydullayeva