2016-cı ildə nəzərdə tutulan bütün sosial proqramlar yerinə yetiriləcək. Prezident İlham Əliyev paytaxtın Nərimanov rayonunda gözdən əlillər üçün inşa olunan yaşayış binasının açılış mərasimində bildirib.
“Baxmayaraq ki, neftin qiyməti çox aşağı səviyyədədir, gələn il bütün sosial proqramlar icra ediləcək. Bizim vətəndaşlar əmin ola bilərlər ki, sosial sahədə bir dənə də olsun ixtisar olmayacaqdır”,- deyə dövlət başçısı bildirib.
Onun sözlərinə görə, dövlət orqanlarının daha səmərli fəaliyyəti təmin edilməlidir.
“Sadəcə olaraq dövlət qurumları daha da səmərəli işləməlidirlər, maliyyə-iqtisadi sahədə şəffaflıq tam şəkildə təmin edilməlidir. Belə olan halda Azərbaycan 2016-cı ildə də yaxşı nəticələr göstərəcək. Bir daha demək istəyirəm ki, gələn il və bundan sonrakı illərdə siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanacaq. Xüsusilə o vətəndaşlar ki, onların dövlət qayğısına böyük ehtiyac var”,- deyə prezident qeyd edib.
Dövlət başçısı qeyd edib ki, dünyada neftin qiymətinin azalması Azərbaycanın da iqtisadiyyatına təsir edib.
“Düzdür, indi bizim iqtisadi vəziyyətimiz əvvəlki illərdəki kimi deyil. Təbii ki, neftin qiymətinin 3 dəfə aşağı düşməsi bizim gəlirlərimizə təsir edibdir. Büdcə xərcləri, büdcə gəlirləri azalıbdır. Bu, təbii vəziyyətdir. Çünki dünyada gedən proseslər artıq bizə də təsir etməyə başladı və neftlə zəngin olan ölkələrin demək olar ki, əksəriyyəti eyni vəziyyətlə üzləşibdir. Ancaq bununla bərabər, Azərbaycanda iqtisadi sabitlik, iqtisadi inkişaf təmin edilir, sosial məsələlər öz həllini tapır, 2015-ci ildə bir dənə də olsun sosial layihə icrasız qalmayıb”,- deyə prezident İ.Əliyev vurğulayıb.
R.Babayev