Azərbaycan Mərkəzi Bankı (AMB) 2015-ci ilin sonuna qədər bankların kapital adekvatlığına minimal tələbi 12%-dən 10%-dək azaltmağı planlaşdırır. Bu barədə “Fitch” beynəlxalq reytinq agentliyi məlumat verir.
“Bəzi banklar kapitalın yetərlilik normativlərinə əməl edilməməsi riski ilə üzləşirlər, lakin “Fitch” inanır ki, tənzimləyici çox ehtimal ki, müəyyən zəifləmələri nəzərə alaraq səhmdarlara kapital yatırmağa və bankların vəziyyətinin normativ qaydalara uyğunlaşdırmasına vaxt verəcək”, - deyə məlumatda qeyd edilir.
Bu il ərzində milli valyutanın iki dəfə devalvasiyaya uğraması ilə əlaqədar AMB
bankların kapital adekvatlığına minimal tələbi 12%-dən 10% -dək azaltmağa məcbur olub.
Agentlik kredit portfellərinin əhəmiyyətli dərəcədə dollarlaşması (orta hesabla 60%-ə yaxın) ilə əlaqədar Azərbaycanda bankların aktivlərinin keyfiyyətinə mənfi təsiri, eyni zamanda borc alanların əksəriyyətinin xarici valyutada gəlirlərə çıxışının məhdud olduğunu qeyd edir.
“Son bir neçə gündə banklarda depozitlərin sabit olmasına baxmayaraq, əgər insanlar pullarını geri götürməyə başlasalar, likvidlik zərər görəcək. Vəziyyətin daha da pisləşdiyi təqdirdə AMB banklara dəstək göstərə bilər”, - deyə məlumatda qeyd edilir.
Daha əvvəl AMB sədri Elman Rüstəmov bildirmişdi ki, Azərbaycanda bankların adekvatlığı 12%-lik minimuma qarşı 17% təşkil edir.
Azərbaycan Mərkəzi Bankı 2015-ci il dekabrın 21-də manatın üzən məzənnəsinə keçdiyini elan edib. Bunun ardınca AMB milli valyutanı 47,6% devalvasiya edərək manatın dollara nisbətən məzənnəsini 1,55 manat/$1 səviyyəsində müəyyənləşdirib.
A.Axundov